Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Quran-Sherhler.doc
Скачиваний:
8
Добавлен:
22.08.2019
Размер:
617.98 Кб
Скачать

12. Yusuf surəsi

1 Yusif (Yusuf) İsrail oğullarına göndərilən bir peyğəmbərdir. Yəqub peyğəmbərin Rahildən olan oğlu olub, babaları İbrahim, sonra İshaq (12-ci surə 6-cı ayə) və sonra Yəqubdur (12, 38). Muhəmməd peyğəmbər “Kərim oğlu Kərim oğlu Kərim oğlu Kərim, İbrahim oğlu İshaq oğlu Yəqub oğlu Yusifdir” deyərkən, onun peyğəmbərlərdən mütəşəkkil bu şəcərəsini ifadə etməkdəydi (əs-Saalibi. Ərais əl-məclis, səh. 61; əl-Qurtubi. Əhkam əl-Quran, IX, səh. 216). Yusif ərəbcə Yusuf, ibranicə Yoşaf. Adın ərəbcə olduğu və hüzn mənasını verdiyi də qeyd olunur. Rəvayətə görə, Yusif Misirdə hökm sürən hiksoslar dövründə (miladdan qabaq 1720- 1580-ci illər) 1700-1600-cı illər arasında yaşamışdır. 12-ci surə o biri böyük surələrdən mövzunun bütövlüyü ilə fərqlənir. R.Bellə görə (Quran, 1, Edinburq, 1937, səh. 217, ingilis dilində) bu surə Məkkəyə gələn birinci mədinəlilərə oxunmuşdur. Yusifin qissəsi üçün bax Kitabi-müqəddəs, Təkvin, 37-50-ci fəsillər.

2 Bu cür müraciət İbrahimin tarixi üçün adidir (Ya əbəti). Müqayisə üçün bax 19-cu surənin 43-cü və başqa ayələrinə.

3 Ya buneyyə. Müqayisə üçün bax 37-ci surənin 101-ci ayəsinə.

4 ”Röyanı yozarlar, on bir ulduzun özləri olduğunu, Günəşin analarına və Ayın atalarına dəlalət etdiyini başa düşüb həsəddən sənə pislik edərlər”.

5 Belə bir şərh də var ki, guya Buşra xüsusi isimdir.

6 Yusifi iyirmi, iyirmi iki və ya qırx dirhəmə satdılar; məbləğ dəqiq bilinmir.

7 Vəzirin adı Qitfir və ya İtfirdir. İncildə Potifar (Fitfir) gedir. Arvadının adı Züleyxa IV hicri (X) əsrdən qabaq bilinmir. İbn İshaq arvadın adını Rail şəklində verir. Züleyxa adı hicrətdən 400 il (1009-10) sonra Firdovsi tərəfindən verilir. Bu haqda bax Yaqut, İrşad, IV, səh.8.

8 Söhbət üçüncü şəxsdən gedir.

9 Müxtəlif şərhlər var: 1) “arvadın məzəmmətinə qulaq asma”; 2) “qorxma, səndə təqsir yoxdur”; 3) “bu haqda sus!”

10 Onun təqsirkar olmadığı haqqında dəlillər.

11 R.Bellə görə (Quran, 1, səh. 217) 37-41-ci ayələr yenidən işlənmişdir.

12 ”Ruzi gəlməzdən əvvəl yuxunu izah edərəm, yaxud ruzi verilməzdən qabaq nə cür olacaq deyərəm”.

13 Və ya “şeytan, öz Rəbbini yada salmağı Yusifə unutdurdu”.

14 Nil çayının daşmasına işarədir.

15 59-87-ci ayələr, R.Bellə görə (1, səh. 217, 215, 1-2 qeydlər) qardaşı Binyaminlə bağlı olan əhvalatın ikinci hekayətidir.

16 Dəvə (bəir) haqqında yalnız burada və 72-ci ayədə deyilir.

17 Yəni hökmdar üçün bir dəvə yükü əlavə ərzaq vermək asan bir şeydir; və ya: “gətirdiyimiz ərzaq bizi uzun müddət təmin edə bilməz”.

18 Guya Yusif anasının atasına (Lavana) məxsus bütü oğurlayıb.

19 Heç bir şeyi gizlətmirik.

20 18-ci ayə ilə müqayisə et. Bəzi mütəxəssislər 83-cü və sonrakı ayələri Yəqubun itmiş cavabının əvəzi hesab edirlər.

21 Yəni Yəqubu və vəfat etmiş anasının bacısı Liyanı.

22 Bax 4-cü ayəyə (qeyd 2).

23 4-cü və 21-ci ayələrə isnaddır.

24 Xüsusi nəticədir. Yəqin ki, bu surə əvvəllər burada bitirdi.

25 Bəzi mütəxəssislərə görə, 103-110-cu ayələr Mədinə artırması ilə son Məkkə əlavəsidir.

26 Burada bütün hekayətlə əlaqə var.

13. ər-Rəd surəsi

1 Böyük və kiçik, şirin və turş.

2 Əli tərəfdarları üçün Əlidir.

3 Bəziləri bu ifadəni ...min xəlfihi və raqibun min beyni yədəyhi kimi dəyişirlər.

4 12-13-cü və ya 13-cü ayə adi şərhlə Amir ibn Səsə qəbiləsinin başçıları Amir ibn Tufeylə və Ərbəd ibn Qeysə aiddir. Bunlar hicrətin 9-10-cu illərində Muhəmməd peyğəmbəri öldürmək istədilər, lakin buna görə özləri qəflətən öldülər. Məhz bu səbəbə görə 13-cü və sonrakı ayələrlə bağlı olan ayələr də Mədinə ayələri hesab olunur: 10, 11 və ya 10, 11, 14 və ya 8-11-ci ayələr. Bunun tarixi əsasları: Muhəmməd peyğəmbərlə nəticəsiz danışıqlar, Amirin taundan və Ləbidin qardaşı Ərbədin ildırım zərbəsindən ölməsidir.

5 ”Göy gurultusu, Allaha həmd ilə” (və yusab-bihur-rədu bihəmdihi) bütün başqa məxlutat ki-mi göy gurultusu da Allaha həmd edir. Əyyubun kitabında (Kitabimüqəddəs, XXVI, 14); “Allah əzəmətinin göy gurultusunu kim başa düşə bilər?”

6 Bu, səcdə ayəsidir.

7 Atalar, arvadlar və uşaqlar Cənnətdə möminlərlə birlikdə. 40-cı surənin 8-ci ayəsilə müqayisə et.

8 Mələklərin sözləridir.

9 30-cu ayənin məzmunu hicri 6-cı ilə aiddir. Bu vaxt Hüdeybiyyə əhdi bağlanır. Məkkəlilərə ər-Rəhman tanış olmadığı üçün onlar bismillahı da rədd etdilər.

10 Bəziləri 31-ci ayənin ikinci yarısını ayənin birinci yarısı deyildiyi vaxta aid edirlər: Muhəmməd peyğəmbərin orduları Məkkə ətrafındadır.

11 ”Sən yurdlarına yaxın duracaqsan” kimi də tərcümə etmək olar.

12 Bu yerin tərcüməsi çətindir.

13 Dünya və axirət əzabının ayrılması və birləşməsi.

14 Bəlkə, bu, qarşılıqlı güzəştə işarədir.

15 Bəlkə, 41-ci ayə Mədinə ayələrindəndir: burada ətrafdakı düşmənlər üzərində olan müvəffəqiyyət nəzərdə tutulur.

16 Bəziləri 43-cü ayəni Mədinə ayələrinə aid edirlər.

17 Bəzi təfsirçilərə görə, burada şahid (45-ci surənin 10-cu ayəsinə bax) Abdullah ibn Salamdır.

18 Söhbət ya dərgahında “kitabın əsli” olan Allah-dan (bax 6-cı surənin 38-ci ayəsinə), yaxud Tövratı, ya da Quranı alandan gedir.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]